Bir ölkənin ərazisində verilmiş sənədlər müvafiq qaydada rəsmiləşdirildikdən sonra digər ölkənin ərazisində istifadə oluna bilər. Belə rəsmiləşdirilmənin iki növü mövcuddur:
- Apostilin verilməsi
- Konsul leqallaşdırması
Sənədlərin leqallaşdırılması prosedurunu sadələşdirmək məqsədi ilə 1961-ci ildə "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya" imzalanmışdır. Bu tip leqallaşdırma dövlətin müəyyən etdiyi səlahiyyətli orqanlar tərəfindən sənədlərə apostil vermək yolu ilə həyata keçirilir. Apostil rəsmi sənədi imzalamış şəxsin imzasının həqiqiliyini, həmin şəxsin səlahiyyətini, eləcə də rəsmi sənədə vurulmuş möhür və ya ştampın həqiqiliyini təsdiq edir.
Apostil verilmiş sənəd leqallaşdırılmış hesab edilir və həmin Konvensiyanın iştirakçısı olan bütün dövlətlərin ərazisində hüquqi qüvvəyə malik olur. Konvensiyaya üzv dövlətlərin siyahısı barədə məlumat Haaqa Konfransının rəsmi internet saytından (www.hcch.net) əldə edilə bilər.
- Azərbaycanda verilmiş sənədlərin apostili
Azərbaycan Respublikasında rəsmiləşdirilmiş sənədlərə apostil verilməsi üçün səlahiyyətli qurumlar AR Xarici İşlər Nazirliyi və Ədliyyə Nazirliyidir.
Qeyd: AR XİN tərəfindən apostil verilməsi xidməti yalnız 5 saylı Bakı və Naxçıvan regional “ASAN xidmət” mərkəzlərində həyata keçirilir.
Ətraflı məlumat üçün: https://www.asan.gov.az/az/service/asan-xidmetler/xarici-isler-nazirliyi-terefinden-goesterilen-xidmetler/senede-apostil-verilmesi
Azərbaycan Respublikasında konsul leqallaşdırması Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsi, xarici ölkələrdə isə Azərbaycan Respublikasının konsulluqları tərəfindən həyata keçirilir.
- Azərbaycanda verilmiş sənədlərin leqallaşdırılması
Azərbaycanda təsdiqi üçün:
Sənədin əslinin konsul leqallaşdırılması üçün Xarici İşlər Nazirliyinə müraciət edilməlidir.
Sənədin surəti/tərcüməsi:
- sənədin surəti təqdim edildikdə notariat tərəfindən təsdiq olunur;
- sənədin tərcüməsi təqdim edildikdə tərcüməçinin imzasının həqiqiliyi notariat tərəfindən təsdiq edilir;
- notariusun imzasının və möhürün həqiqiliyi Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilir və Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinə təqdim edilir.
Sənədin növbəti təsdiqi iki qaydada aparılır:
- Müvafiq ölkənin Azərbaycandakı səfirliyində/konsulluğunda təsdiq;
- Azərbaycanın həmin ölkədəki səfirliyində/konsulluğunda təsdiq.
Hər iki halda sənəd müvafiq ölkənin Xarici İşlər Nazirliyi tərəfindən təsdiq edilir, bundan sonra leqallaşdırılmış hesab olunur.
- Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyində sənədlərin leqallaşdırılması:
Aşağıdakı sənədlər təqdim olunmalıdır:
- Müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd və surəti;
- Şəxsin səlahiyyətli nümayəndəsi tərəfindən təqdim edildikdə notariat qaydasında təsdiq olunmuş etibarnamə.
Dövlət rüsumu: 10 ABŞ dolları
Sənədlər sayından asılı olaraq 3-5 iş günü ərzində leqallaşdırılır.
Azərbaycan Respublikasında tərtib edilmiş sənədlərin Səfirlikdə həqiqiliyinin müəyyənləşdirilməsi üçün aidiyyəti üzrə sorğu göndəriləcək, sorğu təsdiqləndiyi təqdirdə leqallaşdırılacaqdır.
İsrail Dövlətində istifadə olunacaq sənəd Səfirlikdə leqallaşdırıldıqdan sonra bu ölkənin Xarici İşlər Nazirliyi tərəfindən təsdiq olunur.
Qeyd: Bu üsulla leqallaşdırılmış sənəd yalnız İsrail ərazisində istifadə oluna bilər.
- İsraildə verilmiş sənədlərin leqallaşdırılması
İsraildə verilən sənədlərin leqallaşdırılması yaxud sənədə apostil verilməsi üçün səlahiyyətli qurumlar İsrail Dövləti Xarici İşlər Nazirliyi və Ədliyyə Nazirliyidir (Beit Mishpat HaShalom).
Ətraflı məlumat üçün: https://www.gov.il/en/pages/apostille
İsraildə Apostil verilən sənəd Azərbaycanda qüvvədədir, leqallaşdırılan sənəd isə Səfirlikdə təsdiq olunmalıdır.