İsrail Azərbaycan Respublikasının müstəqilliyini 25 dekabr 1991-ci ildə tanımışdır. 7 aprel 1992-ci ildə Azərbaycan Respublikası və İsrail Dövləti arasında diplomatik münasibətlər qurulmuşdur.
İsrail Dövlətinin Azərbaycan Respublikasındakı Səfirliyi 1993-cü ilin avqust ayından fəaliyyət göstərir. İsrailin Azərbaycandakı hazırkı səfiri Corc Dik etimadnaməsini 25 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təqdim etmişdir.
Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyi 1 mart 2023-cü il tarixindən fəaliyyət göstərir. Səfirliyin rəsmi açılış mərasimi 29 mart 2023-cü il tarixində baş tutmuşdur. Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov etimadnaməsini 26 mart 2023-cü il tarixində İsrail Prezidenti cənab İsxaq Hersoqa təqdim etmişdir.
Azərbaycan-İsrail münasibətlərini ümumilikdə sıx tərəfdaşlıq və strateji olaraq səciyyələndirmək olar. Qarşılıqlı səfələr də daxil olmaqla, hər iki ölkənin dövlət başçıları, xarici işlər nazirləri, habelə digər yüksək səviyyəli nümayəndələri arasında telefon danışıqları və görüşlər mütəmadi olaraq baş tutur. Azərbaycan və İsrail arasında Birgə Komissiya və müxtəlif profilli işçi qruplar fəaliyyət göstərir.
Azərbaycan Respublikası və İsrail Dövlətinin Xarici İşlər Nazirlikləri arasında müntəzəm olaraq siyasi məsləhətləşmələr, habelə Strateji Dialoq təşkil edilir. Siyasi məsləhətləşmələrin son raundu 28-29 dekabr 2022-ci il tarixində İsraildə, Strateji Dialoqun son raundu isə 16 yanvar 2023-cü il tarixində Azərbaycanda keçirilmişdir.
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupu (rəhbəri Anatoliy Rafailov) və İsrail Dövlətinin Knessetində dostluq qrupu (rəhbəri Vladimir Beliak) fəaliyyət göstərir.
Yüksək səviyyəli qarşılıqlı səfərlər (dövlət, hökumət və parlament):
29 avqust 1997-ci il tarixində İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahunun Azərbaycan Respublikasına qısamüddətli səfəri;
28-29 iyun 2009-cu il tarixində İsrail Dövlətinin Prezidenti Şimon Peresin Azərbaycan Respublikasına rəsmi səfəri;
13 dekabr 2016-cı il tarixində İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahunun Azərbaycan Respublikasına işgüzar səfəri;
22-23 yanvar 2020-ci il tarixində Milli Məclisin Sədri Oqtay Əsədov Qüdsdə keçirilmiş Osvensimin azad edilməsinin 75 illiyinə həsr olunmuş konfransda və "Dünya Holokost Forumu 2020" (World Holocaust Forum 2020) tədbirlərində iştirak etmək məqsədilə İsrailə səfər etmişdir;
30-31 may 2023-cü il tarixində İsrail Dövlətinin Prezidenti İsxaq Hersoqun Azərbaycan Respublikasına rəsmi səfəri.
Dövlət və hökumət başçıları səviyyəsində digər təmaslar:
18 noyabr 1999-cu il tarixində Prezident Heydər Əliyev ATƏT-in İstanbul Sammiti çərçivəsində İsrail Dövlətinin Baş naziri Ehud Barak ilə görüşmüşdür;
24 yanvar 2014-cü il tarixində Prezident İlham Əliyev Davos İqtisadi Forumu çərçivəsində İsrail Dövlətinin Prezidenti Şimon Peres və Baş nazir Benyamin Netanyahu ilə görüşmüşdür;
22 yanvar 2015-ci il tarixində Prezident İlham Əliyev Davos İqtisadi Forumu çərçivəsində İsrail Dövlətinin Prezidenti Şimon Peres ilə görüşmüşdür;
21 yanvar 2016-cı il tarixində Prezident İlham Əliyev Davos İqtisadi Forumu çərçivəsində İsrail Dövlətinin Baş nazir Benyamin Netanyahu ilə görüşmüşdür;
24 yanvar 2018-ci il tarixində Prezident İlham Əliyev Davos İqtisadi Forumu çərçivəsində İsrail Dövlətinin Baş nazir Benyamin Netanyahu ilə görüşmüşdür;
16 fevral 2024-cü il tarixində Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində İsrail Dövlətinin Prezidenti İsxaq Hersoq ilə görüşmüşdür.
Xarici işlər nazirləri səviyyəsində:
9-11 fevral 2010-cu il tarixində İsrail Dövləti Baş nazirinin müavini, xarici işlər naziri Aviqdor Libermanın Azərbaycan Respublikasına səfəri;
22-24 aprel 2012-ci il tarixində İsrail Dövlətinin xarici işlər naziri Aviqdor Libermanın Azərbaycan Respublikasına səfəri;
22-23 aprel 2013-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov İsrail Dövlətinə səfəri;
29.04-04.05 2014-cü il tarixində İsrail Dövlətinin xarici işlər naziri Aviqdor Libermanın Azərbaycana Respublikasına səfəri;
28-30 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun İsrail Dövlətinə səfəri;
18-19 aprel 2023-cü il tarixində İsrail Dövlətinin xarici işlər naziri Eli Kohenin Birgə Komissiyanın iclasında iştirak etmək üçün Azərbaycan Respublikasına səfəri.
Hüquqi baza:
Azərbaycan Respublikası və İsrail Dövləti arasında müxtəlif sahələri əhatə edən 22 Saziş, Anlaşma Memorandumu, Birgə Bəyannamə və Protokol imzalanmışdır.
Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında diplomatik və xidməti pasportlara malik olan şəxslərin vizadan azad edilməsi haqqında Saziş.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və İsrail Dövlətinin Xarici İşlər Nazirliyi arasında müntəzəm diplomatik məsləhətləşmələr haqqında Protokol.
Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında investisiyaların qarşılıqlı təşviqi və qorunması haqqında Saziş.
Azərbaycan Respublikasının nəqliyyat naziri və İsrail Dövlətinin nəqliyyat və yol təhlükəsizliyi naziri arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Birgə Bəyannamə.
Azərbaycan Respublikasının Hökuməti və İsrail Dövləti Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş.
Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında gömrük işi sahəsində qarşılıqlı yardım haqqında Saziş.
Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya.
Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın yaradılması haqqında Anlaşma Memorandumu.
Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi və metrologiya sahələrində əməkdaşlıq haqqında Saziş.
Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Saziş.
Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Saziş.
Azərbaycan Respublikasının Hökuməti və İsrail Dövləti Hökuməti arasında mədəniyyət, təhsil və elm sahəsində əməkdaşlıq haqqında Saziş.
Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş.
Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında hava əlaqəsi haqqında Saziş.
Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş.
Azərbaycan Respublikasının İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə İsrail Dövlətinin Milli Texnoloji İnnovasiyalar Agentliyi arasında Texnoloji İnnovasiyalar sahəsində Birgə Bəyannamə.
Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Saziş.
Azərbaycan Respublikasının Hökuməti və İsrail Dövləti Hökuməti arasında mədəniyyət, təhsil və elm sahəsində əməkdaşlıq haqqında Saziş.
Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında 2023-2026-cı illər üçün təhsil sahəsində Əməkdaşlıq Proqramı.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İsrail Dövlətinin Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahələrində 2023-2028-ci illər üçün Əməkdaşlıq Planı.